Azərbaycan–Qazaxıstan İşgüzar Şurasının Qazaxıstan tərəfindən həmsədri və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyinin (KIT) təsisçisi Dauren Bimov Bakıya işgüzar səfəri çərçivəsində “BMG International” şirkətinin ofisini ziyarət edib.
Səfər zamanı D. Bimov şirkətin təsisçisi və CEO-su, iqtisadiyyat və maliyyə sahəsində tanınmış ekspert və təlimçi Orxan Məmmədzadə ilə görüşüb.
Görüşdə tərəflər iki ölkənin biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün əsas müzakirə mövzularından biri bu il Bakıda keçirilməsi planlaşdırılan “TEI Forum 2026” olub. Orxan Məmmədzadə qonaqlara beynəlxalq forumun məqsəd və hədəfləri barədə ətraflı məlumat verib. O bildirib ki, forumun hazırlıq işləri artıq aktiv mərhələyə daxil olub və tədbirin yüksək səviyyədə təşkili üçün yerli və beynəlxalq tərəfdaşlarla intensiv əməkdaşlıq aparılır.
Görüşdə qeyd edilib ki, “TEI Forum 2026” çərçivəsində biznes, investisiya mühiti, innovasiya və texnologiyalar, süni intellekt, rəqəmsal transformasiya, sahibkarlığın inkişafı, liderlik və insan kapitalının formalaşdırılması mövzularında panel müzakirələri keçiriləcək. Bununla yanaşı, müxtəlif ölkələrdən investorların, şirkət rəhbərlərinin, dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə B2B və B2G görüşlər təşkil olunacaq, yeni tərəfdaşlıqların qurulması və investisiya layihələrinin təqdimatı üçün xüsusi platformalar yaradılacaq.
Qeyd edək ki, “TEI Forum 2026” bu ilin 30–31 oktyabr tarixlərində Bakıda keçiriləcək. Beynəlxalq forumun əsas məqsədi biznes, texnologiya, təhsil və investisiya sahələrini bir platformada birləşdirərək region ölkələri arasında əməkdaşlığı gücləndirmək, yeni biznes imkanları yaratmaq və innovativ inkişaf təşəbbüslərini təşviq etməkdir.