BMG International Turan E-Ticarət və İxracat Forumunda iştirak etdi

   26 noyabr 2024-cü il tarixində Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilib.

Bu forum Azərbaycan Françayzinq Assosiasiyasının və Founder Clubun təşkilatçılığı ilə ilk dəfə baş tutaraq, ölkənin aparıcı şirkətlərini və beynəlxalq biznes nümayəndələrini bir araya gətirdi. Tədbirdə milli iqtisadiyyatın inkişafına töhfə vermək və milli brendlərin dünya bazarlarında mövqeyini gücləndirmək üçün yeni imkanlar müzakirə edildi.

Forumun spikeri və moderatoru olan BMG International şirkətinin təsisçisi, maliyyə, biznes və iqtisadiyyat üzrə mütəxəssis Orxan Məmmədzadə çıxışında elektron ticarətin müasir dövrdə iqtisadiyyat üçün nə qədər vacib olduğunu vurğuladı. O, elektron ticarətin növləri haqqında danışaraq, milli brendlərin inkişafı və beynəlxalq bazarlarda tanıdılması üçün rolundan bəhs etdi. Məmmədzadə qeyd etdi ki, rəqəmsal mühitin verdiyi imkanlardan istifadə edərək, Azərbaycan məhsulları daha geniş auditoriyaya təqdim edilə bilər.

Orxan Məmmədzadə, həmçinin səhm və token texnologiyalarının tətbiqi ilə bağlı da geniş məlumat verdi. O, blockchain texnologiyasının elektron ticarətdə əməliyyatların şəffaflığı və sürətini artıraraq milli brendlərin qlobal bazarlarda daha rəqabətqabiliyyətli olmasına töhfə verəcəyini bildirdi. Çıxışı zamanı o, milli brendlərin beynəlxalq bazarlar üçün hazırlanması prosesində strateji yanaşmaların və innovativ texnologiyaların tətbiqinin vacibliyini də vurğuladı.

Forumda moderator kimi iştirak edən Orxan Məmmədzadə, müzakirələrin məhsuldar və interaktiv keçməsini təmin edərək, həm yerli, həm də beynəlxalq ekspertlərin elektron ticarət sahəsindəki təcrübələrini bölüşməsinə şərait yaratdı. Onun çıxışı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi və milli brendlərin inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti ilə bağlı yeni perspektivlər təqdim etdi.

Forumda iştirak edən xarici şirkətlərin nümayəndələri Azərbaycanın iqtisadi potensialını və elektron ticarət sahəsindəki imkanlarını yüksək qiymətləndirdilər. Onlar qeyd etdilər ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafı, ölkəni qlobal biznes mühiti üçün cəlbedici edir. Nümayəndələrin fikrincə, Azərbaycanın elektron ticarət bazarının bu il 2 milyard dollara çatacağı və 2030-cu ilə qədər hər il orta hesabla 13% artacağı gözlənilir. Bu, ölkənin iqtisadi gələcəyinə böyük ümidlə baxmağa əsas yaradır.

“Biz Azərbaycanda investisiya qoymaq, təcrübəmizi bölüşmək və müştərilərimizlə yanaşı, biznes tərəfdaşlarımızla birlikdə böyümək üçün buradayıq. Azərbaycan bazarının dinamikliyi və potensialı bizi daha böyük hədəflərə ruhlandırır. Birlikdə e-ticarətin gələcəyini formalaşdırmaq və hər kəs üçün qalıcı imkanlar yaratmaq gücümüz olduğuna inanırıq,” – deyə xarici nümayəndələrdən biri öz çıxışında vurğulayıb. Forumun sonunda panellərdə iştirak edən şirkətlər mükafatlandırıldı.

Qeyd edək ki, BMG International şirkəti Turan E-Ticarət və İxracat Forumunun xüsusi sponsorlarından biridir.

Accountant Image