Sentyabrın 21-də Biznes Klubunun təşkilatçılığı ilə Bakıda Beynəlxalq Pərakəndə Zirvəsi baş tutub. İlk dəfə keçirilən və BMG International şirkətinin xüsusi sponsoru olaraq iştirak etdiyi bu tədbirə 700-ə yaxın yerli və xarici şirkət qatılıb. Zirvədə tanınmış iş adamları və millət vəkilləri çıxış edərək, pərakəndə sektorda fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulmasının və qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Natiqlər tədbirin keçirilməsində böyük səylərin göstərildiyini diqqətə çatdırıb və rəqəmsal hökumətin qurulması, elektron ticarətin inkişaf perspektivlərinin aktuallığını qeyd ediblər.Daha sonra panel müzakirələr başlayıb. Üç istiqamətdə aparılan panel müzakirələrdə yerli və xarici sahibkarlar arasında müxtəlif mövzularda diskussiyalar edilib.
BMG International şirkətinin təsisçisi, iqtisadiyyat, biznes və maliyyə üzrə ekspert Orxan Məmmədzadə üçüncü paneldə çıxış edərək biznesin inkişaf strategiyası haqqında geniş məruzə edib.Orxan Məmmədzadə BMG Internationalın yeni layihələri barədə danışaraq yaxın zamanda Azərbaycanda kiçik səhm alış-verişi sahəsində böyük addımlar atıla biləcəyini vurğulayıb. Qeyd olunub ki, bu, müvəffəqiyyətli inkişaf, davamlı təkmilləşdirmə və bazar şərtlərinə uyğunlaşmaqla mümkündür. Zirvənin sonunda tədbirin təşkilində xidmətlərinə görə, BMG International şirkəti mükafatlandırılıb.