50-ə yaxın şirkətin iştirak etdiyi Xeyriyyə Yarmarkası keçirildi
“Founder Club”, Sağlam Nəsil İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyi birgə təşkilatçılığı ilə “Bir gülümsəmə ilə dünya, bir yardım ilə həyatlar dəyişər” adı altında Xeyriyyə Yarmarkası keçirilib.
Sosial layihələr çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan yarmarkada ölkədə biznesin müxtəlif sahələrində fəaliyyət göstərən əlliyə yaxın şirkət iştirak edib. Yarmarkada əldə olunan bütün gəlir zorakılığa və şiddətə məruz qalmış qadın və uşaq sığınacaq evinə verilib.
Xeyriyyə yarmarkasının təşkilatçılarından biri “Founder Club”, Sağlam Nəsil İctimai Birliyinin rəhbəri Aygün Məmmədova bildirib ki, təşkilat olaraq davamlı bu kimi xoşməramlı aksiyaların keçirilməsinə dəstək verməyə hazırdılar.
Qeyd edək ki, Xeyriyyə Yarmarkasına Azərbaycanda dərin bilik və zəngin təcrübəyə malik, tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadə tərəfindən təsis edilən “BMG İnternational” şirkəti də dəstək verib.
Bildirək ki, qarşıdakı günlərdə qadın və uşaq sığınacaq evində yaşayan uşaqların əl işlərindən ibarət növbəti sərginin keçirilməsi planlaşdırılıb. Əldə olunan bütün gəlir təhsildən kənar qalmış uşaqların və gənc qızların inkişaf etdirilməsinə xərclənəcək.